Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Babamla ot çalmağa getmişdik

Mənim saçım qapqaradı, babamın saçı ÇAL.


Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL.


Babam ot ÇALMAĞA gedir. Məni də özüylə aparır.


Babam ot ÇALIR, ÇALIR, sonra yorulur, dəryazı bir tərəfə qoyur, gəlib ağacın kölgəsində oturur, termosdan çay töküb içir, sonra da balaca torbasından tütəyini çıxardıb həmişə ÇALDIĞI havanı ÇALIR.


– Sən də əl ÇAL!.. – mənə deyir.


Mən də əl ÇALIRAM. Sonra da gedirəm gül-çiçək yığmağa.


Babam deyir:


– Kolluğa getmə, ilan ÇALAR.


Babam ÇALIR, mən də gül-çiçək dərirəm amma kolluğa girmirəm ki, ilan ÇALAR. Babam ÇALIR, dincini alır, yenə ayağa qalxır, dəryazı qaldırır, yenə ot ÇALIR...