Nağıllar, hekayələr

Mircəlal. Yuxu və külək

Mayıl eyvanda kökə yeyirdi. Xallı pişik oturub ona baxırdı. Xallı qulağını şəklədi, gözünü bərəldib ha baxdı, Mayıl kökədən pişiyə vermədi. Axırda Xallı dilləndi:

 

- Myau!

 

Mayıl pişiyə baxmadı. Pişik Mayılın dizinə dırmaşdı, yenə mya- uldadı və əlini atıb kökəni almaq istədi.

 

Mayıl onu dirsəyi ilə itələdi, yerə saldı.


Külək pişiyə lağ elədi:


- Sən bacarmadın. Dayan, mən kökəni Mayıldan alaram!

 

Külək bunu deyib, qanad çaldı, var gücü ilə əsməyə başladı. Bu daqlar tərpəndi, ağaclar səsləndi, xəzəllər töküldü, toz qopdu, hava soyudu.

 

Mayıl tez yaxasını düymələdi, əlindəki kökəni  bərk-bərk tutub dişinə çəkməkdə davam etdi. 


Yuxu da küləyə güldü və dedi:


-Sən çox hay-küy salsan da uşağa gücün çatmadı. Kökəni ala bilmədin. 


Dayan, mən səssizcə iş görəcəyəm. Mayıldan kökəni elə alım ki, özünün də xəbəri olmasın.


Yuxu qara paltara bürünüb yumşaq-yumşaq yeridi və gəlib Mayılın gözlərinə doldu.


Mayılın kirpikləri ağırlaşdı, göz qapaqları endi, gözləri ehmal-ehmal yumuldu. Gözlər yumulan kimi, barmaqlar aralandı, əllər açıldı. Kökə uşağın əlindən düşüb, döşəməyə dığırlandı.

 

Xallı pişik fürsət tap­dı: - Myau! - deyə sevincək kökənin üstünə atıldı.