Jan Jiono. Ağac əkən adam
Təxminən qırx il öncə turistlərə məlum olmayan, Alp dağlarının Provensə doğru soxulan qədim bölgəsinə doğru yüksəkliklərdə uzun, piyada səyahətə çıxmışdım. Bu boş ərazi boyunca gəzintiyə başladığım zaman ətraf tamamilə barsız və rəngsiz torpaqlardan ibarət idi. Oralarda yabanı lavandadan başqa heç nə bitməmişdi. Sahənin ən geniş yerindən keçirdim və üç gün piyada getdikdən sonra özümü bənzərsiz viranəliyin ortasında gördüm. Tərk edilmiş kəndin qalıqlarının yaxınlığında düşərgə saldım. Bir gün öncə içməli suyum tükənmişdi və indi su tapmalıydım. Arı yuvası kimi bir-birinə yapışmış bu salxım evlər dağılmış olsa da ümid edirdim ki, hansındasa ya kiçicik bulaq, ya da quyu olacaq. Əslində bir bulaq vardı, amma qurumuşdu. Küləyin və yağışın dəlmə-deşik etdiyi beş-altı damsız ev və parçalanmış qüllələri olan xırda kilsə qalmışdı ki, yaşayış olan kəndləri xatırlatsalar da, həyat buralarda tamamilə yoxa çıxmışdı.