Qarabağ

Şuşada görkəmli şəxsiyyətlərin evləri

Şuşa şəhəri Azərbaycan ədəbiyyatına, musiqisinə və incəsənətinə böyük töhfələr bəxş edən tanınmış şair, yazıçı, musiqiçi və sənətkarların vətənidir. Onların yaşadıqları bina və evlər də şəhərin hüsnünə gözəllik gətirən, ona özünəməxsus yaraşıq və kolorit verən ünvanlar hesab olunur.

 

AZƏRTAC-ın müxbirinə həmin evlər barədə məlumat verən Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyev deyib: “Qasım bəy Zakirin ikimərtəbəli evi Hacı Yusifli məhəlləsində yerləşirdi. Binanın qədim darvazası və dalanı vardı. Üst mərtəbə bir böyük zaldan və iki kiçik otaqdan ibarət idi. Dalanın üstündəki otaq şairin iş otağı olmuşdu. Evin qabaq hissəsindəki artırma, onun qarşısında isə gözəl bir bağça vardı. Bağçada müxtəlif güllər, çiçəklər, meyvə ağacları əkilmişdi. Şair şeirlərini, əsasən bu bağçada yazar və qonaqları ilə burada əyləşib söhbət edərmiş.

 

Mamayı məhəlləsində Mir Möhsün Nəvvabın ikimərtəbəli evi vardı. Binanın alt mərtəbəsindən anbar kimi istifadə olunurdu. İkinci mərtəbə isə bir salon və iki kiçik otaqdan ibarət idi. Mir Möhsüm Nəvvab otaqları öz əlləri ilə gül, bülbül təsvir olunan müxtəlif naxışlarla bəzəmişdi. Otaqların divarlarının səqfinə əlavə naxışlar vurulmuşdu. Sonradan həmin evi satın alan şəxs təmir işləri apararakən divar naxışlarının üstünü örtmüşdü.

 

Böyük dramaturq Nəcəf bəy Vəzirovun yaşadığı bina Köçərli məhəlləsində idi. İstirahət evi olan sahədə, sağ tərəfdə üzü şərqə baxan bir bina olmuşdur. Nəcəf bəy Vəzirov bir müddət burada yaşamışdır.

 

Məşədi Əyyub Bakinin evi isə Merdinli məhəlləsində üçmərtəbəli bina idi. Bu evdə şair Məşədi Əyyub Baki və qardaşı, “Lövhi” təxəllüslü şair Məşədi Nəsir birlikdə yaşayırdılar. Həmidə xanım Cavanşir binanın ikinci mərtəbəsini bir neçə illiyə kirayəyə götürmüş, birinci mərtəbəsində dəzgahlar düzəltdirib toxuculuq emalatxanası açmışdı. Həmin emalatxanada şuşalı qadınlar yundan parça toxuyur və dolanışıqlarını çıxarırdılar. Cəlil Məmmədquluzadə “Ölülər” və “Anamın kitabı” əsərlərini burada yaşayarkən yazıb tamamlamışdı. Evə vaxtaşırı olaraq dövrün tanınmış yazıçı və şairləri, sənət adamları gələr, xalqın gələcək taleyi barədə müxtəlif mövzularda söhbətlər aparar, müzakirələr edərdilər.

 

Sonralar Şuşanın varlı tacirlərindən olan Məşədi Məhəmməd həmin evi almış, küllü miqdarda pul xərcləyərək lazimi qaydada təmir etdirmişdi. Sovet hakimiyyəti illərində həmin binanın üst mərtəbəsində Şuşa Rayon Partiya Komitəsi, alt mərtəbəsində isə Şuşa Rayon Komsomol Komitəsi yerləşirdi.

 

Böyük pedaqoq Firidun bəy Köçərlinin doğulub yaşadığı ev Köçərli məhəlləsində idi. Hər mərtəbəsi dörd otaqdan ibarət ikimərtəbəli bina idi. Evin qarşısında mənzərəli bağ vardı. Dövrün mütərəqqi sənətkarları tez-tez bu evə yığışar, maarif, mədəniyyət məsələlərinə aid söhbətlər edərdilər. İstirahət evi sahəsində olduğundan bu bina kluba çevrilmişdi. Sonralar binaya iki divar da əlavə edilmiş, böyük bir salon düzəldilmiş, binanın forması tamam dəyişmişdir.

 

Cabbar Qaryağdıoğlunin ikimərtəbəli evi Seyidli məhəlləsində idi. Birinci mərtəbədə dörd, ikinci mərtəbədə isə bir böyük salon və bir otaq vardı. Cabbar Qaryağdıoğlu böyük qardaşı, şair, xanəndə Məşədi Məhəmməd Bülbül digər dörd qardaşı ilə birlikdə həmin evdə yaşamışdır. Qarabağ xanəndələri tez-tez bu evə yığışar, musiqi sənəti haqqında söhbətlər açar, muğam və mahnı ifa edərdilər.

 

Əbdürrəhim bəy Haqverdiyevin evi Mamayı məhəlləsində üçmərtəbəli binadan ibarət idi. Həm ikinci, həm də üçüncü mərtəbə dörd otaqdan və geniş bir zaldan ibarət idi. Otaqların divarlarına çox gözəl şəkillər çəkilmişdi. Dövrün şair, yazıçı və musiqiçiləri vaxtaşırı bu evə yığışar, teatr, maarif, mədəniyyət məsələlərini müzakirə edər və s. barədə söhbətlər aparardılar.

 

Üzeyir bəy Hacıbəylinin evi Çölqala məhəlləsində Xurşudbanu Natəvanın sarayının qonşuluğunda ikimərtəbəli, bir neçə otaqdan ibarət idi. Binanın qabaq tərəfi şərqə, arxa tərəfi isə qərbə baxır və Xan qızının bağı ilə birləşirdi. Evin qabağında kiçik bir bağça da vardı. Dahi bəstəkar həmin evdə doğulmuş və on dörd il burda yaşamışdır. Sonralar baxımsızlıq ucbatından bina bərbad hala düşmüş və yenidən bərpa edilərək burda Üzeyir bəy Hacıbəylinin ev-muzeyi açılmışdır.

 

Şuşada Dəmirçilər məhəlləsində ikimərtəbəli, on otaqlı ev şair, təzkirəçi Məhəmməd ağa Müctəhidzadəyə məxsus idi. Evin qabaq tərəfində aynabənd vardı. Məhəmməd ağa Müctəhidzadə burada qardaşı ilə birlikdə yaşayırdı. O, özünün şah əsərini -“Riyazül-aşiqin” təzkirəsinin bu evdə qələmə almışdı. “Məclisi-fəramuşan” ədəbi məclisinin üzvləri tez-tez bura toplaşır, şeir, sənət barədə söhbətlər edir, ədəbi mübahisələr aparırdılar.

 

Süleyman Sani Axundov Culfalar məhəlləsində ikimərtəbəli, dördotaqlı evdə anadan olmuşdu. Yazıçı-dramaturqun yaşadığı evin alt mərtəbəsi anbar idi. Qabağında böyük və geniş artırma vardı. Yazıçının uşaqlığı bu evdə keçmiş, sonralar sovet hakimiyyətinin ilk illərində Şuşada işləyərkən də həmin evdə yaşamışdır.

 

Xanbikənin evi isə Xurşudbanu Natəvanın yaşayış kompleksinə daxil olan ikimərtəbəli idi və Xan qızının sarayının sağ tərəfindəydi. Çar hökuməti dövründə burda “Nikolayevskı” şəhər məktəbi, sovet hakimiyyətinin ilk illərində isə “Nərimaniyyə” məktəbi yerləşirdi. Həmin evdə tez-tez ədəbi-musiqili gecələr keçirilir, teatr tamaşaları göstərilirdi. Cəlil Məmmədquluzadənin “Ölülər” komediyası 1919-cu il avqustun 17-də burada tamaşaya qoyulub. Xanbikənin evi 1992-ci ilə qədər dururdu”.