Nağıllar, hekayələr

Yağış damlasının səyahəti

Yağış damlası yerə doğru yol gəlirdi. Hava sakit, küləksiz idi. Onun kimi çoxlu sayda yağış damlası bir-bir yanından ötüb yerə yağırdı. Nəhayət, o, yamyaşıl otun üstünə düşdü. Otun saplağı ilə sürüşüb köklərinə çatdı. Torpağın içərilərinə doğru yeridi. Torpaq yağış damlasını sevinclə qarşıladı. Onlar çoxdan tanış idilər. Yağış damlası torpağa ilk dəfə qonaq gəlmirdi.

 

Dupduru yağış damlası torpağa düşən kimi rəngi bulandı. Yağış damlası bundan heç də narahat olmurdu. Çünki sonra nə olacağını artıq bilirdi. Bulana-bulana yerin dərinliklərinə doğru gedirdi və birdən şırıltı eşitdi. Yaxınlıqda yeraltı sular vardı. Yağış damlası sevindi. Bu sular onun özü kimi damlaların bir yerə toplaşmasından yaranmışdı. O da sayı bilinməyən damlalara qarışıb axdı. Hara getdiyini düşünmürdü. Çünki bu yolu da çox getmişdi. O qədər çox ki, sayını xatırlamırdı. Dostları ilə söhbətləşə-söhbətləşə uzun məsafə qət etdilər. Birdən gözü işıqdan qamaşdı. Axa-axa yerin üstünə gəlib çıxmışdılar. Qarşıda ucsuz-bucaqsız dəniz vardı. Yağış damlası dənizin sularına qarışdı. Bir qədər dayanıb dənizin dibindəki yosunlara, yanından oyan-buyana şütüyən balıqlara, dənizə çimməyə gələn insanlara baxdı. Başı elə qarışdı ki, nə qədər vaxt keçdiyini bilmədi. Bir də onu gördü ki, Günəşin hərarətindən zərrəciklərə çevrilib səmaya qalxır. Yenə təəccüblənmədi. Bu yol da ona tanış idi. Yuxarı qalxdıqca hava soyuyurdu. Yağış damlasının zərrəcikləri üşüyüb yenidən bir yerə yığılmağa başladı. Ətrafında saysız-hesabsız zərrəciklər də üşüməmək üçün bir-birinə sığındılar və bulud əmələ gəldi.

 

Külək buludu dənizin üzərindən qovub qurunun üzərinə gətirdi. Hava soyuduqca zərrəciklər birbirinə daha yaxınlaşır, bulud sıxlaşırdı. Axırda bulud dözə bilmədi, suya dönüb axdı. Yağmur başladı.

 

Yağış damlası yenə yerə doğru yol gəlirdi. Bu dəfə hava yaman küləkli idi. Külək elə vıyıldayırdı ki... Yağış damlası küləyə sinə gərib yerə doğru gəlirdi. Sonra yenə torpağa qarışıb axacaq. Bu dəfə yolu dənizə yox, bəlkə də, gözəl, sərin bir bulağa düşəcəkdi. Yağış damlasının yolunun bulaqdan düşdüyü vaxtlar da olmuşdu. Havanın çox soyuq olduğu vaxtlarda o donub doluya, qara da çevrilmişdi. Özü də bir dəfə yox! Dəfələrlə!

 

Yağış damlası fəsillərin xasiyyətini yaxşı bilirdi. İndi payız fəsli idi. Ona görə də hava belə küləkli idi. O isə küləyin qanadlarında quş kimi uçurdu.