Odlar Yurdu

Atropatena dövləti

Atropat ağır, qeyri-müəyyənlik hökm sürdüyü bir dövrdə xalqını yadelli işğallardan xilas edib, ölkəsini əsarətdən qurtarıb müstəqil dövlət yaradan bacarıqlı, dərin düşüncəli dövlət xadimi kimi tarixdə qalmışdır. Tarixdə Atropatın adı ilə Atropatena adlanan ərazilər VII əsrdən etibarən Azərbaycan adlanmağa başlamış, xalqımızın və dövlətimizin adına çevrilmişdir.

 

E.ə. 331 -ci ildə Əhəməni dövlətinin taleyini həll edən Qavqamela döyüşündə İran ordusunun sağ cinahına Midiya satrapı Atropat başçılıq edirdi. Döyüşün əvvəlində Atropatın başçılıq etdiyi sağ cinah makedoniyalıları sıxışdırmağa nail oldu. Lakin döyüşün qızğın vaxtında Makedoniya hökmdarı İsgəndər manevr edərək özünün süvari dəstəsi ilə İran ordusu mərkəzinə həmlə etdi. Əhəməni hökmdarı III Daranın bu gözlənilməz hücumdan qorxaraq qaçması döyüşün və İran imperiyasının taleyini həll etdi. Bu döyüşdən sonra İsgəndər Əhəməni imperiyasının əsas şəhərlərini və paytaxt Persopolu müqavimətsiz ələ keçirdi. Qavqamela döyüşündən sonra Atropat öz hərbi dəstələri ilə Midiya satraplığının mərkəzi Ekbatana qayıtmayıb, zərdüştilik dininin əsas mərkəzi sayılan Qazaka şəhərinə getmişdi. Az sonra Ekbatana qaçıb gələn III Dara burada yenidən qoşun toplamağa cəhd etdi. O, Atropatı da öz qoşunu ilə ona qoşulmağa çağırsa da, Midiya satrapı bu çağırışa cavab vermədi.

 

Belə olduqda III Dara ölkənin şərqinə hərəkət etdi. Lakin yolda öz adamları tərəfindən öldürüldü. Beləliklə, Əhəməni imperiyası tamamilə dağıldı. İmperiya üzərində hakimiyyəti ələ alan İsgəndər e.ə. 330-cu ildə fərman verib ölkəni idarə edən bütün canişinləri (satrap) vəzifəsindən azad etdi.

 

E.ə. 328-ci ildə İsgəndər Atropatı yanına çağırıb onu yenidən Midiyanın satrapı təyin etdi. O, xalq arasında böyük nüfuza malik Atropatı özünə yaxınlaşdırmaqla işğal edilmiş ərazidə möhkəmlənməyə çalışırdı.

 

Amma İsgəndər Əhəməni dövründəki Midiya satraplığını iki yerə bölmüşdü. Cənubi - Böyük Midiyanı (mərkəzi Ekbatan) özündə saxlayıb, Şimali - Kiçik Midiyanı (Qədim Manna) Atropatın hakimiyyətinə vermişdi. Buna səbəb mühüm ticarət yollarının Ekbatandan keçməsi, digər tərəfdən isə Cənubi Midiyanın imperiyanın şərq vilayətləri ilə əlaqələrində əsas rol oynaması idi. Atropatın apardığı quruculuq işləri xalq arasında onun nüfuzunu artırmışdı. E.ə. 327-ci ildə İsgəndər Hindistana yürüş etdi. O, ölkəni tərk edən kimi Midiya satraplığı istisna olmaqla, İranda hərc-mərclik başladı. Makedoniyalıların özbaşınalığına qarşı başlanan narazılıq az sonra üsyana çevrildi. Üsyanın başçısı midiyalı Bariaks idi. İsgəndərin bu üsyana görə xalqı cəzalandıra biləcəyini nəzərə alan Atropat üsyanı yatırdı, Bariaksı isə əsir götürdü.

 

Yürüşdən qayıdan İsgəndər qanunsuzluq edən hakimləri edam etdirdi. Atropat İsgəndərin Hindistan yürüşündən sonra öz vəzifəsində qalan yeganə satrap idi. O, İsgəndəri hörmətlə qarşılayıb, şərəfinə ziyafət verdi, ona məşhur Midiya atlarını hədiyyə etdi.

 

İsgəndər Atropata makedoniyalılarla qohum olmağı təklif etmişdi. Buna görə də Atropat öz qızını İsgəndərin ən etibarlı sərkərdəsi Perdikkiyə ərə verdi. E.ə. 323-cü ildə İsgəndər vəfat etdi. İmperiyanı idarəedilməsi Perdikkiyə tapşırıldı. Bu Atropatın mövqeyini daha da möhkəmləndirdi. E.ə. 321 -ci ildə Perdikkinin öldürülməsindən sonra Kiçik Midiya Atropatın hakimiyyətində qaldı. İsgəndərin imperiyasının dağılması nəticəsində bir neçə dövlət yarandı. Bu dövlətlərin əksəriyyəti yunan-makedoniya əsilli sərkərdələr tərəfindən idarə olunurdu. Onların arasında əsası yerli əhalinin nümayəndəsi tərəfindən qoyulan yeganə dövlət Atropatın adını daşıyan Atropatena oldu.

 

Atropatena ictimai-siyasi quruluşuna görə quldar monarxiya dövləti idi. Dövləti Atropatilər sülaləsi idarə edirdi.

 

Atropatena, əsasən, Cənubi Azərbaycanı və Şimali Azərbaycanın bəzi cənub ərazilərini əhatə etsə də, özünün qüdrətli vaxtlarında daha geniş əraziyə malik olmuşdur.

 

Atropatenanın paytaxtı zərdüştilik (atəşpərəstlik) dininin mərkəzi sayılan Qazaka şəhəri olmuşdur. Antik dövr müəllifləri Atropatenada Fraaspa, Fanaspa və Aqnazana şəhərləri haqqında da məlumatlar vermişlər.

 

 Antik dövr müəllifləri Atropatenanın qədim əhalisi ilə yanaşı, burada maq, kadusi, müq (muk) və kaspi tayfalarının da məskunlaşdıqları barədə məlumat verirlər.

 

Əhalinin əsas məşğuliyyəti ənənəvi olaraq əkinçilik və maldarlıq olmuşdur. Digər təsərrüfat sahələri arasında atçılıq xüsusilə qeyd edilməlidir. Atropatenada yetişdirilən atlar bütün Şərqdə məşhur idi. Çində onları “Səma atları” adlandırırdılar. Sənətkarlıq sahələri arasında dulusçuluq və metalişləmə əsas yer tuturdu.

 

Atropatenanın cənub qonşusu əvvəllər Selevki (Suriya) dövləti, e.ə. II əsrdən etibarən isə Parfiya dövləti olmuşdur. Hindistandan Aralıq dənizi sahilinə qədər ərazini əhatə edən Selevki dövlətində e.ə. 223-cü ildə hakimiyyətə gələn III Antiox gözlənilmədən Atropatenaya hücum etdi.

 

Atropatena hökmdarı Artabazan müharibəyə hazır olmadığından Selevki dövlətindən asılılığı qəbul etdi. Lakin e.ə. 190-cı ildə III Antioxun Maqneziya döyüşündə romalılara məğlub olması nəticəsində Atropatena öz müstəqilliyini bərpa etdi. E.ə. II əsrin ikinci yarısından başlayaraq, Parfiya və onunla müttəfiq olan Atropatena Romanın Asiyanın içərilərinə doğru irəliləməsinə qarşı mübarizəyə başladılar. Atropatena və Parfiya Romaya yunan-makedoniya istilaçılarının varisi kimi baxdıqlarından vahid cəbhədən çıxış edirdi.

 

Strabon “Coğrafiya” əsərində yazırdı: “Atropatena hərbi qüvvə baxımından çox güclü ölkədir, çünki o, döyüşə 10 min süvari, 40 min piyada çıxara bilər”.

 

Roma Kiçik Asiyanı tamamilə zəbt edib Suriya və Fələstində möhkəmlənmişdi. Lakin e.ə. 53-cü ildə sərkərdə Krassın başçılıq etdiyi Roma ordusu Karra şəhəri yaxınlığındakı döyüşdə Parfiya tərəfindən darmadağın edildi.

 

Döyüşdə Parfiya ordusunun tərkibində atropatenalı döyüşçülər də fərqlənmişdilər. Romanı tamamilə Asiyadan çıxarmağa çalışan Parfiya e.ə. 38-ci ildə baş vermiş döyüşdə məğlub oldu. Romanın Şərq vilayətlərinin hakimi sayılan Antoni bu qələbədən ruhlanaraq komandanlığı öz üzərinə götürüb e.ə. 36-cı ildə 100 minlik ordu ilə yürüşə başladı.

 

Strabonun Atropatena hökmdarlarının qış iqamətgahı adlandırdığı Fraaspa e.ə. 36-cı ilin payızında Antoninin ordusu tərəfindən mühasirəyə alındı. Bütün əhali mübarizəyə qalxaraq əsas qüvvələr gələnədək şəhəri müdafiə etdi.

 

Özlərini şəhərin müdafiəsinə çatdıran Parfiya və Atropatena süvariləri Antoninin mühasirə qurğuları və maşınlarını qoruyan dəstəsinə həmlə edib 10 min romalını məhv etmiş bütün maşınları sındırmışdılar.

 

Məğlubiyyətdən sarsılan Antoni geri çəkilməyə məcbur oldu. Atropatena ordusu geri çəkilən romalıları Kiçik Asiyayadək təqib edib ona ağır zərbələr vurdu. Ümumiyyətlə, Antoni Atropatenada 35 min döyüşçü itirdi.

 

Oktavian Atropatena ilə müttəfiqliyi yüksək qiymətləndirir, ona Romanın Asiyada əsas dayağı kimi baxırdı. Ariobarzan Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə 10 il Romada yaşamışdı.

 

Artabazdın vəfatından sonra Oktavian e.ə. 20-ci ildə Ariobarzanın Atropatenada hakimiyyətə gəlməsinə kömək etdi. O, Atropatenanın qonşuluğunda, Kiçik Asiyada yaşayan ermənilər üzərində hakimiyyəti də Ariobarzana vermişdi.

 

Ariobarzanın hakimiyyəti I əsrin əvvəllərinə kimi davam etmişdir. Roma tarixçisi Tasit Ariobarzanı “Cismani gözəlliyi və görkəmli mənəvi keyfiyyətləri ilə fərqlənən bir midiyalı” kimi səciyyələndirirdi. Əvvəlcə Ariobarzanın, az sonra Oktavianın həyatdan getmələri Parfiyanın fəallaşmasına təkan verdi.

 

Parfiya Atropatenanı öz nüfuz dairəsinə qaytarmaq üçün bütün iqtisadi və siyasi vasitələrdən istifadə edirdi. Eranın 20-ci ilində Atropatilər sülaləsinin sonuncu nümayəndəsi Ariovastın ölümündən sonra Parfiya Atropatenanı tutaraq dövlətçiliyinə son qoydu. Atropatena bir ərazi kimi Parfiya Arşakilər sülaləsinin süqutuna qədər onun tərkibində qaldı.