Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatr yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.